Murad Ədilovun saxlanarkən döyülməsi barədə vəkilin şikayəti araşdırılacaq

Murad Ədilov azyaşlı qızı ilə.

-

Fevralın 5-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində AXCP fəalı Murad Ədilovun məhkəməsi keçirilib. Bu haqda AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib.

Prosesdə şahidlər dindirilib, Murad Ədilov sərbəst ifadə verib.

Yalçın İmanov bildirir ki, təqdim etdiyi vəsatətlərdən ikisi təmin olunsa, da bir neçəsi rədd edilib:

“Əlavə şahidlərin dindirilməsi və Muradad Ədilovun Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətirilərkən bədənində xəsarət izlərinin olub-olmaması ilə bağlı vəsatətlər təmin olundu. Həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmə prosesinin audio-video çəkilişin aparılması və başqa vəsatətlər təmin olunmadı. Ekspert çağırılması ilə bağlı vəsatətin baxılması təxirə salınıb”.

Növbəti məhkəmə prosesi fevralın 24-ə təyin olunub.

Murad Ədilov avqustun 11-də Sabirabadda həbs edilib, külli miqdarda narkotik maddə saxlamaqda ittiham olunur.​

Murad Ədilov ittihamı rədd edir. Siyasi fəaliyyətinə görə həbs edildiyini deyir.