Pilotu diri-diri yandıran yaraqlıların ölümünə fitva verildi

Muath al-Kasaesbeh edamdan qabaq

-

“İslam dövləti” yaraqlılarının iordaniyalı pilotu qəfəsə salaraq diri-diri yandırması Yaxın Şərqdə hiddətlə qarşılanıb.

Sünni məzhəbinin ən nüfuzlu elm-din ocağı olan Al-Azhar Universiteti (Misir) “alçaq terror akt ilə bağlı öz dərin nifrətini” ifadə edib.Öz bəyanatında “İslam dövləti”ni “Satanist terrorçu qrup” adlandırıb.

Universitetin rəhbəri, ruhani Ahmed al-Tayeb “İslam dövləti” yaraqlılarının qətli, meyitinin çarmıxa çəkilməsi və əl-ayağının kəsilməsi ilə bağlı fitva verib.

Onun sözlərinə görə, yaraqlılar belə ağır cəzalara “əməlləri ilə Allah və peyğəmbərə qarşı çıxdıqları üçün layiqdirlər”.

Pilotun atası Safi al-Kasaesbeh İordaniya hökumətini və ABŞ-ın başçılıq etdiyi koalisiyanı “İslam dövləti”nə daha ağır zərbələr endirməyə, “caniləri məhv etməyə” çağırıb.

Pilotun atas; Safi al-Kasaesbeh (Ortada)

Onun sözlərinə görə, oğlunun qanı xalqın qanıdır və xalqın qanı yerdə qalmamalı, qisası alınmalıdır.

İordaniya rəhbərliyi artıq bəyan edib ki, yaraqlılara qarşı hava zərbələrində daha aktiv iştirak edəcək.

Bundan az əvvəl isə İordaniya “Əl-Qaidə” təşkilatının terrorçuluqda ittiham edilən qadın üzvü Sajida al-Rishawi-ni edam edib.

“İslam dövləti” Rishawi-ni iordaniyalı pilota dəyişdirməyi təklif edirdi.

Pilot Muath al-Kasaesbeh-in təyyarəsi bu ilin dekabrında Suriyanın Raqqa şəhərində məhv olmuşdu.

İslam Əməkdaşlığı Təşkilatının baş katibi Iyad Madani bildirib ki, pilotun yandırılması həm əsirlərlə davranışa aid beynəlxalq normaları, həm də bununla bağlı İslam qaydalarına hörmətsizlikdir.

O, yaraqlıların əslində sülh dini olan İslamın adından sui-istifadə edib vəhşiliklər törətməsini də pisləyib.

Səudiyyə Ərəbistanı, Oman, Qətər “İslam dövləti”nin pilotu edam etməsini “barbarizm” adlandırıblar və bu əməlin “Quran”a zidd olduğunu deyiblər.

Bundan qabaq “İslam dövləti” amerikalı, britaniyalı və yapon girovların başını kəsmişdi.