Tanınmış yazıçı: “Arvadım təzə romanıma “zibil” dedi”

Kazuo Ishiguro

-

Tanınmış Britaniya yazıçısı Kazuo Ishiguro 9 ildən sonra oxucularının görüşünə yeni kitabla gəlir.

“Buried Giant” (Basdırılmış Nəhəng) adlanan roman “yarım-mifik” dəmir dövründə qoca ər-arvadın Britaniya adasını gəzib dolaşaraq oğlunu axtarması haqdadır.

Yeni kitabı təbliğ etmək üçün yazıçı martda Britaniyanın 7 şəhərinə səfər edəcək.

1989-cu ildə “Günün qalan hissəsi” romanı ilə ingilisdilli ölkələrin ən nüfuzlu mükafatına – “Buker”ə layiq görülən İshiguro deyib ki, yeni romanı üzərində xeyli işləməli olub.

Çünki arvadı ilk variantını oxuduğu əsərə “zibil” deyib:

"Düşündüm ki, onun verdiyi qiymət bir qədər sərtdi. Amma neyləyəsən. Ona görə ilk variantı bir kənara qoydum. Hər şeyi sıfırdan başlamaq üçün enerji toplamalı idim və buna müəyyən qədər vaxt lazım oldu”.

Yazıçının 2005-ci ildə çap olunan “Heç zaman məni getməyə qoyma” romanı oxucular arasında daha populyardır. “Time” jurnalı romanı “Bütün dövrlərin ən yaxşı 100 romanı” siyahısına daxil edib. Əsər əsasında film də çəkilib.

Yapon əsilli İshiguro 1954-cü ildə Naqasakidə doğulub.

"Telegraph"a istinadla OxuZalı