Günay İsmayılovaya hücum olub

Günay İsmayılova

-

Yanvarın 26-da axşm saatlarında hüquqşünas Günay İsmayılovaya hücum olub.

Bu haqda AzadlıqRadiosuna hüquqşünasın özü məlumat verib. Günay İsmayılovanın sozlərinə görə yaşadığı evin blokuna daxil olan zaman təxminən 30 yaşlarında bir kişi heç bir söz demədən arxadan onun boğazından tutub və xəsarət yetirməyə cəhd edib.

"Ağzımı tutmağa çalışırdı ki qışqırmayım. Bu zaman cəld arxaya döndüm, onun əlində nə isə var idi. Mən çığırmağa başladım və ayaqlarımla qonşunun qapısını döyəclədim. Bu zaman qonşular çıxdı və o qaçdı. Həmin şəxs bir kəlmə belə danışmadı. Orta boylu idi. Məqsədi soyğunçuluq deyildi. Çünki o mənim çiynimdəki əl çantama toxunmadı. Sadəcə əlində nə isə var idi və məni vurmağa cəhd edirdi"

Günay İsmayılova deyir ki Daxili İşlər Nazirliyinin 102-Qaynar Xətt Xidmətinə zəng edib. Polislər hadisə yerinə baxış keçirib.

İş günü bitdiyi üçün AzadlıqRadiosu hadisə ilə bağlı polisin mövqeyini öyrənə bilməyib.

Hüquqşünasın bacısı isə onun cizgilərini təsvir etdiyi kişini yaşadıqları evin qarşısında son günlər bir neçə dəfə gördüyünü deyib.