Məhkəmə qəzet redaktorunu cərimələdi

Polis «Talışo sədo» qəzetinin baş redaktoru Rafiq Cəlilovu saxlayarkən

-

Yanvarın 22-də Səbayıl Rayon Məhkəməsi «Talışo sədo» qəzetinin baş redaktoru Rafiq Cəlilov haqqında 200 manat cərimə qərarı çıxarıb. Bu haqda AzadlıqRadiosuna Rafiq Cəlilovun özü məlumat verib. Baş redaktorun sözlərinə görə cərimə olunmasına səbəb kimi onun polsin qanuni tələblərinə tabe olmamasını göstəriblər:

«Bu gün Sovet İttifaqı qəhərmanı Həzi Aslanovun 105 yaşı tamam olur. Biz hər ilin bu günündə Şəhidlər Xiyabanına gəlib, onun qəbrini ziyarət edirik. Bu il də bir qrup fəalla ziyarətə gəlmişdik. Xiyabana keçməmiş, baxdıq polislər durub orada. Bir polis mənə yaxınlaşıb dedi ki, avtomobili kənara çəkim. Mən də avtomobilə yaxınlaşmaq istəyəndə dedilər ki, guya polisin tələblərinə tabe olmamışam. Məni Səbayil rayon 6-cı polis bölməsinə gətirdilər, oradan da məhkəməyə. Məhkəmə də 200 manat cərimələdi. Hesab edirəm ki, bu sifarişlə həyata keçirilib. Çünki, polislər bizdən əvvəl xiyabana gəlmişdi ki, bizim qarşımız alsınlar».

Səbayil Rayon Polis İdarəsinin 6-cı bölməsindən qəzet redaktorunun iddaları ilə bağlı AzadlıqRadiosunun suallarına cavab vermək istəmədilər.