Yeni qızılgül sortu akademik Cəlal Əliyevin adını daşıyacaq

Arxiv foto

Azərbaycanda yeni qızılgül sortlarından birinə akademik Cəlal Əliyevin adı verilib. Bu haqda xəbər yayan Trend agentliyi yazır ki, yeni güllərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin və ölkənin tanınmış daha 3 akademikinin adı verilib.

AMEA Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsələ doktoru, ölkədə qızılgüllərin seleksiyası və intraduksiyası (iqlimə uyğunlaşdırılması) ilə məşğul olan yeganə alim Asəf İsgəndərov deyir, bu yaxınlarda seleksiya və hibridləşmə üsulu ilə qızılgülün əvvəlki güllərdən tamamilə fərqlənən 12 yeni sortunu yaratmağa nail olub.

Digər yeni güllər “Akademik Əhliman Əmiraslanov”, “Akademik Tofiq Hacıyev”, “Aysel”, “Emil”, “28 May”, “Xumar xanım”, “Leyla”, “Nigar”, ”Abşeron kapriççiosu” və “Qədim Gəncə” adlanır.

Qızılgüllərin yeni sortlarının 5-6 ilə əmələ gəldiyini deyən A.İsgəndərov qeyd edib ki, bir müddət əvvəl qızılgülün 9 yeni sortunu əldə etmişdi. Yaxın zamanlarda həmin sortlar da daxil olmaqla, ümumilikdə 21 yeni qızılgül sortu üçün müəlliflik şəhadətnaməsi almaqdan ötrüSeleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına müraciət edəcək.

A.İsgəndərovun sözlərinə görə, akademiklərin adına olan qızılgül sortları Akademiya Rəyasət Heyətinin yanvarın 21-də keçiriləcək iclasında adını daşıyan alimlərə təqdim ediləcək.