Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab verəcəyini deyir

Sergei Lavrov və Aleksandr Lukashevich

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları İranın nüvə proqramı, Suriya və digər münaqişlərin həllində əməkdaşlığı sual altında qoyur.

Rusiyanın xarici işlər nazirliyi belə bir bəyanatla ABŞ-ın daha 4 Rusiya vətəndaşını qara siyahıya salmasından sonra çıxış edib.

Bəyanatda bunun siyasi motivli olduğu bildirilir və qeyd edilir ki, Rusiya buna qarşı cavab tədbirləri görəcək.

Bəyanatda bildirilir ki, Rusiyaya qarşı təzyiq metodu işləməyəcək.

ABŞ daha 4 Rusiya vətəndaşını “Maqnitsky” siyahısına salıb.

Onlar Maqnitskynin işi araşdırılarkən insan haqlarını pozmaqda ittiham olunurlar.

Siyahıya Çeçenistan daxili işlər nazirinin müavini Apti Alaudinov, respublika administrasiyası və hökumətin rəhbəri Magomed Daudov, Rusiyanın baş prokuror müavini Viktor Grinia və İstintaq komitəsinin əməkdaşı Andrei Strijov salınıb.

Onların ABŞ ərazisinə girişi və bank hesablarına qadağa qoyulub.

Rusiyada vergidən yayınmaqda ittiham olunan Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitsky 2009-cu uldə istintaq təcridxanasında müəmmalı şəkildə ölüb.

Yaxınları və vəkilləri onun döyülərək öldürüldüyünü və tibbi yardım göstərilmədiyini deyirlər.

ABŞ 2012-ci ildən onun ölümündə əli olan Rusuya vətəndaşlarına qarşı xüsusi sanksiyalar tətbiq edir və bununla bağlı xüsusi qanun qəbul edilib.