Ukrayna separatçılarla danışıqlar apara bilmədi

Ukrayna. Rus separatçıları

Ukrayna hökuməti ilə Rusiya yönümlü separatçılar arasında danışıqların yeni raundu baş tutmayıb. Buna baxmayaraq Ukrayna tərəfi atəşkəsi gün ərzində davam etdirəcəklərini elan ediblər.

Ukraynanın eks-prezidenti, hazırda Kiyevin maraqlarını müdafiə edən Leonid Kuchma bəyan edib ki, Minskdə keçirilməsi nəzərdə tutulan növbəti raund olmayacaq. Buna səbəb separatçıların atəşi dayandırmaqla bağlı razılığa əməl etməməsidir.

Kuchma Donbassdakı vəziyyətlə bağlı yaxın günlərdə görüş keçirməyi məqsədəuyğun saymır:

“Şərtlər daxilində qarşı tərəf atəşi dayandırmaq razılığına məhəl qoymursa, bu görüşü məqsədəuyğun saymıram. Qoy onlar müharibə deyil, sülh tərəfdarı olduqlarını, öz silahlı qüvvələrini tam nəzarətdə saxladıqlarını göstərsinlər”.

Ukrayna, Rusiya və ATƏT-dən olan əlaqələndirici qrup dekabrın 9-a nəzərdə tutulan görüşün baş tutmamasından narahatlıqlarını ifadə ediblər.