İsgəndər Cavadov hamını istefaya çağırır

Futbol üzrə Azərbaycan yığma komandası, 28 mart 2006

«Şahin Diniyev istefaya göndərilməlidir, Fateh Terim kimi məşqçi gətirilməlidir». Futbol üzrə Azərbaycan milli yığmasının Belçikaya 3-0 hesabıyla uduzmasından sonra futbol azarkeşləri bu fikirləri daha çox səsləndirməyə başlayıb.


Yığmanın oyunundan utandığını deyən sabiq futbolçu İsgəndər Cavadov isə bildirir ki, nə vaxtsa Azərbaycan futbolunun belə bir vəziyyətə düşəcəyini ağlına da gətirməzdi. O, təklif edir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyindən tutmuş baş məşqçiyə qədər hamı istefa verməlidir: «Qrupda 6 komanda olanda altıncı yeri tuturuq, 8 komanda olanda səkkizinci. Sonra da proqnoz verirlər ki, biz ya udacağıq, ya da heç-heçə olacaq. Amma demirlər ki, Belçika reytinq cədvəlində 10-cu yerdədir, Azərbaycansa 120-ci yerdə. Necə udmaq olar bu komandanı?»



«Qrupda 6 komanda olanda altıncı yeri tuturuq, 8 komanda olanda səkkizinci. Sonra da proqnoz verirlər ki, biz ya udacağıq, ya da heç-heçə olacaq. Amma demirlər ki, Belçika reytinq cədvəlində 10-cu yerdədir, Azərbaycansa 120-ci yerdə. Necə udmaq olar bu komandanı?»
Cənab Cavadov hesab edir ki, Qazaxıstan, Moldova yığmalarına qalib gələ bilməyən komandanın Belçika yığmasını udmasına onsuz da heç kim inanmırdı, sadəcə, çoxları bir qədər fərqli oyun gözləyirdi, milli yığma isə bunu da göstərə bilmədi.

«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli isə hesab edir ki, əsas problem yaxşı oyunçunun olmamasıyla bağlıdır. O, Azərbaycan futbolunda maliyyə problemi də görmür. Heç AFFA rəhbərliyi və baş məşqçinin dəyişməsiylə vəziyyətin düzələcəyinə də inanmır: «Kapello gəlsə belə, indiki oyunçularla nəyəsə nail olmaq qeyri-mümkündür. Təsəvvür edin ki, son bir neçə ildə kənara bir nəfər də olsun legioner oyunçu çıxmayıb. Bir nəfər də olsun Avropa çempionatlarında legionerimiz yoxdur».


«Mən yığmanın oyununa heç baxmıram, altı nəfər legioner oynayır, kimə baxasan...» Əvvəllər milli komandanın şərəfini qoruyan futbolçu Samir Əliyev də bütün problemləri futbolçuların səviyyəsilə bağlayır. İntriqaları, pulsuzluğu və sairəni ikinci, üçüncü dərəcəli hesab edir: «Gənc oyunçu kiməsə baxıb öyrənməlidir, səviyyəli oyunçularımız isə yoxdur. Ümid bir ona qalır ki, gənclər Rusiya, Ukrayna və ya Türkiyə klublarına keçib, heç olmasa az da olsa səviyyələrini qaldırsınlar».


Məsələ ilə bağlı milli yığmanın baş məşqçisi Şahin Diniyev və futbolçuların mövqeyini öyrənmək isə mümkün olmadı.


Azərbaycan futbolundakı problemləri oyunçuların peşəkarlığının aşağı olmasıyla izah edənlərlə yanaşı, bu sahədə intriqaların mövcudluğunu deyənlər də çoxdur. Son bir neçə ilə qədər problemin kökü AFFA-nın keçmiş rəhbəri Fuad Musayevin siyasi hakimiyyətlə gərgin münasibətlərdə olması ilə bağlanırdı. Sonrakı məğlubiyyətlər braziliyalı baş məşqçi Alberto Torreslə əlaqələndirildi. İndi isə problemlər AFFA-nın hazırkı prezidenti Ramiz Mirzəyevlə bu qurumun əsas sponsorlarından olan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev arasındakı hansısa çəkişmə ilə əlaqələndirilir.