«İnsan hüquqları üzrə Birgə Qrup» ötən bir ayda nə edib?

«İnsan hüquqları üzrə Birgə Qrup»un üzvü Novella Cəfəroğlu

Oktyabrda Azərbaycanda «İnsan hüquqları üzrə Birgə Qrup» işə başladı. Hələ o vaxt qrupun üzvü Novella Cəfəroğlu AzadlıqRadiosuna müsahibəsində bildirmişdi ki, Qrup oktyabr ayında texniki məsələləri həll edəcək, noyabrdan işə başlayacaq. Novella Cəfəroğlu bu dəfəki müsahibəsində görülən işlərdən danışıb:

«Biz demək olar ki, bütün günü işləyirik. Ötən ay Qrupa siyasi məhbus ailələrindən ərizələr gəlib. Biz bu ərizələri araşdırırıq».

İşçi qrup hüquq müdafiəçisi İntiqam Əliyevlə bağlı baş prokurora müraciət edib. Müraciətdə İntiqam Əliyevin səhhətində yaranan yaranan problemlərə görə, onun ev dustaqlığına buraxılması məsələsi qaldırılıb:

«Biz bununla bağlı prezidentə də müraciət etməyi planlayırıq. Ümumiyyətlə, səhhətlərində problemlər olan məhbusların məsələsi daim diqqət mərkəzində olacaq. Leyla Yunus, Orxan Eyyubzadə və digər məhbuslarla bağlı müraciətlər hazırlanacaq».

«İnsan hüquqları üzrə Birgə Qrup»a Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovla Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sədrlik edir. Deputat Əli Hüseynli, vətəndaş cəmiyyətindən Əliməmməd Nuriyev, Mirvari Qəhrəmanlı, Eldar Zeynalov, Sahib Məmmədov, Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səadət Bənənyarlı da sözügedən Qrupda təmsil olunurlar. Qrupun əsas məqsədi siyasi məhbusların azadlığına çalışmaq və hüququ pozulan vətəndaşlara yardım göstərməkdir.