XİN Avropa Parlamenti prezidentinin çıxışına münasibət bildirib

Avropa Parlamentinin prezidenti Martin Schulz

«Avropa Parlamenti prezidentinin çıxışında Azərbaycana aid məqamlar təəssüf və narazılıq doğurur. Barəsində danışılan şəxs - Leyla Yunus digər ittihamlarla bərabər, ən ağır cinayətlərdən hesab olunan vətənə xəyanətdə ittiham olunur və onun işi ilə əlaqədar istintaq davam edir. İstintaqın işinə müdaxilə qanunun aliliyinin pozulmasıdır».

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin prezidenti Martin Schulzun çıxışını belə şərh edir. M. Schulz noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında Azərbaycanla bağlı danışıb. O, bildirib ki, Avropa Parlamenti nümayəndə heyətinin Azərbaycana səfərlərinə imkan verilməyib. Hikmət Hacıyev deyir ki, Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar ölkənin müvafiq dövlət qurumlarına hansısa müraciət edilməyib:

«Martin Schulzun bu məsələni təhrif olunmuş formada təqdim etməsi təəssüf doğurur. Avropa Parlamentinin bilavasitə mandatına aid olan Avropa İttifaqı üzv ölkələrində insan hüquqları ilə əlaqədar kifayət qədər problemlər var. İslamafobiya, anti-semitizm və ayrı-seçkilik meyllərinin artması, polis zorakılığı, əmək münasibətləri və miqrantların hüquqlarının pozulması bu sıradandır».

Hikmət Hacıyev Avropa Parlamenti prezidentinin diqqətini ilk olaraq bu problemlərə, eləcə də Ferqyuson hadisələrinə, Brüsseldə və digər Avropa ölkələrində polis zorakılığına, qeyri-proporsional gücdən istifadə hallarına yetirməsini daha təqdirəlayiq sayır.

Martin Schulz Saxarov mükafatının təqdimatında Azərbaycan hökumətini günahsız həbs olunan və səhhəti kəskin pisləşən Leyla Yunusu azad etməyə çağırıb. O, Avropa Parlamenti nümayəndələrinə Azərbaycana getməyə imkan verilməməsinə etirazını edib.