-
Rasim Qaraca:
- Bizim yazarlar xarici ölkələrə gedib öz hesablarına kitablarını çap etdirirlər. Sonra kitabları Bakıya gətirirlər. Burda da deyirlər ki, kitabım çıxdı. Bu doğru bir şey deyil. Əxlaqi çərçivələrə sığmır.
Yerli mediadan tez-tez xəbər tuturuq ki, Türkiyədə Azərbaycan yazarlarının kitabları çap olunur. Bəs Türkiyə mediasında bu məlumatlar niyə əksini tapmır? Ümumiyyətlə, Türkiyədə Azərbaycan yazıçılarının kitablarına maraq var?
İstanbuldakı «Kırmızı kedi» nəşriyyatının rəhbəri Halil Hepkon, Türkiyədə Azərbaycan müəlliflərinin əsərlərini tərcümə və çap edən Yusif Gədikli , azərbaycanlı yazar Rasim Qaraca "Pen klub"da.
Səadət Akifqızı
- Rasim bəy, bildiyim qədəriylə sizin də Türkiyədə kitabınız çap olunub. Bu necə baş verib?
Rasim Qaraca
- Mənim kitabım 2012-ci ildə çap olunub. Kitabdan qonorar almadım, çünki kitabım o qədər satılmayıb ki, ordan qonorar gözləyim. Ümumiyyətlə, xaricdə, o cümlədən Türkiyədə çap olunmanın qaydaları var. Təkcə çap olunmaq deyil, kitabın piarı ilə də məşğul olmaq lazımdır. Adətən nəşriyyatlar bu işi boynuna götürür. Xaricdə çap olunma işləriylə bağlı bizim kimi sovet dövründə yaşamış adamların təcrübəsi olmayıb. Nə təcrübəm varsa, son illərdə formalaşıb. Biz indi gənc nasirlərə tövsiyə xarakterli nələrsə deməliyik. Çünki bizdə xaricdə çap olunmaq tabulaşıb. Keçmişdə kahinlər müqəddəs mətnləri necə gizlədirdilərsə, bizim ədəbiyyatımızın ağsaqqalları da xaricdə çap olunmağı qapalı tutublar. Sanki bu, imtiyazlı bir təbəqənin işidir. Biz bu tabuları sındırmağa çalışdıq, bu mənada ki, xaricdə çap olunmaq istedad məsələsidir, imtiyaz məsələsi deyil. Xaricdə çap olunmaq o qədər də mürəkkəb məsələ deyil, yetər ki, sənin yazdıqların maraqlı olsun. Çünki dünyada kitab nəşri kommersiya məsələsidir. Türk naşiri bilsə ki, Azərbaycandan hansısa yazarın əsəri onlara pul gətirə bilər, oxuna bilər, o əsəri həvəslə çap edərlər.
Səadət A.
- İndi telefon xəttində Türkiyədən “Kırmızı Kedi” nəşriyyatının rəhbəri Haluk Hepkondur. Haluk bəy, Türkiyə naşirləri Azərbaycan yazarlarına maraq göstərirmir?
Haluk Hepkon
- Türkiyədə Azərbaycandakı yazarların əsərləri tanınmır, ancaq bunu diqqətsizlik hesab etmək lazım deyil. Burda çatışmayan şey Azərbaycan ədəbiyyatının öz yazıçılarını Türkiyədə tanıtma mexanizmlərinin olmamasıdır. Əgər siz burda yaxşı bir tərcümə proqramı təşkil etsəniz, iki ölkə arasında işbirliyi olsa, burdakı insanların Azərbaycan ədəbiyyatına marağı niyə olmasın ki? Biz belə bir şeyi istəyirik, dünyanın hər yanından yazarları yayınlayırıq, amma yanımızda olan qohum xalqın ədəbiyyatını niyə çevirməyək ki? Ancaq nəşriyyat işində təkcə kitabı tərcümə etdirmək deyil, ordakı yazıçıların mütəmadi olaraq burdakı nəşriyyatlara tanıdılmasıyla mümkün ola bilər. Bunun üçün ədəbiyyat menecerlərinə ehtiyac var.
Səadət A.
- Rasim bəy, Yaşar Kamal, Əziz Nesin Azərbaycanda tanındığı kimi, Anar, Əkrəm Əylisli, Kamal Abdulla Türkiyədə tanına bilirmi?
Rasim Q
- Adını çəkdiyiniz türk yazarları Azərbaycanda tanınmadan öncə dünyada tanınıblar. Orhan Pamukun kitabı gəlir gətirməsəydi heç Azərbaycanda nəşr edilməzdi. Bizim yazarlara gəlincə, satış nöqtələrində rast gəlməmişəm. Bu, sadəcə imtiyazlı yazarların kitabları olmamalıdır. AYB həm də gənc sıradaşlarının əsərlərini xaricdə çap etdirməyə çalışmalıdır.
Rasim Q.
- Bizim yazarlar xarici ölkələrə gedib öz hesablarına kitablarını çap etdirirlər. Sonra kitabları Bakıya gətirirlər. Burda da deyirlər ki, kitabım çıxdı. Bu doğru bir şey deyil. Əxlaqi çərçivələrə sığmır.
Səadət A.
- İndi Türkiyədə Azərbaycan müəlliflərinin əsərlərini tərcümə və çap edən Yusif Gədikli telefon xəttindədir. Yusif bəy, Azərbaycan ədəbiyyatı Türkiyədə necə qarşılanır?
Yusif Gədikli
- Yaxşı qarşılayan nəşriyyatlar var. Məsəlçün, “Ötükən” yayın evi 1975-ci ildən başlayaraq Azərbaycan ədəbiyyatına maraq göstərib, ilkin olaraq Nəbi Xəzrinin, Bəxtiyar Vahabzadənin kitablarını tərcümə ediblər. Zaman keçdikcə daha çox azərbaycanlı müəllifi çap etməyə başlayıblar. Ancaq bütün yayın evləri Azərbaycanla bağlı kitablara eyni cür yanaşmır. Çünki bəzi yayın evlərini sırf kitabın yaxşı satılması maraqlandırır. Yayın evlərinin maddi problemləri var, bundan əlavə Türkiyədə bədii əsərlərdən daha çox tarixi əsərlər diqqət çəkir. Amma Azərbaycan ədəbiyyatı ilə bağlı kitablara maraq həmişə olub. Mən Anarın, Elçinin, Yusif Səmədoğlunun əsərlərini türk dilinə çevirmişəm. Azərbaycan ədəbiyyatı haqda 15-16 kitab tərcümə etmişəm.
Haluk Hepkon
- Düşünürəm ki, Azərbaycan yazarlarının Türkiyədə çap olunması şübhəsiz ki, o yazarlara məşhurluq gətirə bilər. Azərbaycan ədəbiyyatının tanıdılması ayrı-ayrı tərcüməçilərin fəaliyyəti ilə mümkün deyil. Çətin bir işdir. Bunu dövlətlərin Mədəniyyət Nazirlikləri büdcə ayıraraq həll etməlidir. İsveçrə, İtaliya, Almaniya kimi bir çok dünya ölkələri öz ədəbiyyatını bu yolla tanıdır.
Proqramı tam izlə