Avropa Məhkəməsi Məmmədovların işi üzrə kommunikasiyaya başlayıb

Avropa İnsan Haqları Məhkəməsi.Fransa

Avropa İnsan Haqları Məhkəməsi Hilal Məmmədov, Məmməd Qurbanov və Nadir Məmmədovun işləri üzrə kommunikasiyaya başlayıb. Bu haqda vəkil Xalid Bağırov öz facebook hesabında yazıb.

Hilal Məmmədov 2012-ci ilin iyunda həbs edilib, 5 il azadlıqdan məhrum edilib. Məhkəmə onu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilib.

O, Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

Naxçıvanlı işadamı Məmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədov 2012-ci ilin noyabrında Türkiyədən ərzaq məhsulları gətirərəkən Sədərək gömrükçüləri həmin malı buraxmaq istəməmişdilər. Bundan sonra işadamı və onun kürəkəni Nadir Məmmədov ilə gömrük işçiləri arasında insident yaranmış və Hakimiyyət nümayəndəsinə müqavimət və zor göstərməkdə təqsirli bilinənərək Məhəmmədovlar 4-5 il müddətə həbs olunmuşdular. Apellyasiya məhkəməsinin hökmü ilə şərtli azadlığa buraxılmışdılar.