İlqar Məmmədov tibb məntəqəsinə yerləşdirilib

ReAl Hərəkatının sədri İlqar Məmmədov

ReAl Hərəkatı İlqar Məmmədovla bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, ReAl Hərəkatının sədri, prezidentliyə keçmiş namizəd İlqar Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsinin tibbi məntəqəsinə yerləşdirilib.

«İlqar Məmmədovun xəstələnməsi barədə vəkili Fuad Ağayev noyabrın 12-də məlumat vermişdi. Ancaq son üç gündə İlqar Məmmədovun səhhəti barədə heç bir məlumat yoxdur. Bu gün əldə etdiyimiz məlumata görə İlqar Məmmədov tibbi məntəqəyə yerləşdirilib».

«Yaranmış vəziyyətlə əlaqədar ReAl Hərəkatının İdarə Heyəti, İnsan Haqları Ombudsmanı aparatından və humanitar missiyasını nəzərə alaraq Qırmızı Xaç Cəmiyyətindən, nümayəndələrinin İlqar Məmmədovun yanına göndərməsini, onun durumu barədə ictimaiyyətə və yaxınlarına məlumat verməsini xahiş edir,» açıqlamada belə deyilir.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı rayonunda etirazların təşkilində təqsirli bilinib, yeddi illik həbs cəzası alıb. Müsavat başqanının müavini Tofiq Yaqublu da eyni ittihamla beş illik həbsə məhkum edilib. Onlardan başqa daha bir neçə nəfər həmin hadisələrə görə həbs olunub.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi sifariş sayır. Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun dərhal azadlığa buraxılması, ona təzminat ödənilməsini tələb edən qərar çıxarıb. Həmin qərar üç ay ərzində icra olunmalıdır.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən isə APA-ya məlumatı nə təsdiq, nə də təkzib ediblər.

Şöbədən məhbuslarının yerlərinin dəyişdirilməsi ilə bağlı informasiyaları ictimaiyyətə açıqlamaq hüququna malik olmadıqlarını bildiriblər.