ABŞ Dağlıq Qarabağda helikopterin vurulmasından narahatdır

Erməni helikopeti Mi-24

Vaşinqton Azərbaycanın özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran qurumun “özünümüdafiə qüvvələrinə” məxsus hərbi helikopterin vurulmasından narahatlıq bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, bu insident regionda gərginliyin azaldılması və atəşkəsə hörmət qoyulmasının vacibliyini “bir daha yada salır”.

Psaki noyabrın 12-də Vaşinqtonda jurnalistlərə deyib ki, “münaqişə hərbi yolla həll oluna bilməz”.

ATƏT-in Minsk qrupu həmsədrləri bildirib ki, insident onillərdir sürən münaqişənin “davamlı həllinin tapılması üçün cəhdlərin gücləndirilməsinin vacibliyini” göstərir.

Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, noyabrın 12-də Azərbaycan əsgərlərinə “atəş açmaq istəyən” helikopter vurulub.

Avropa Birliyi xarici siyasət rəhbəri Federica Mogherini-nin sözlərinə görə, “bütün tərəflər təmkin nümayiş etdirməli və durumu gərginləşdirəcək istənilən hərəkət və bəyanatdan çəkinməlidir”. Mogherini insidentin araşdırılmasına çağırıb.