Londonun aşurası [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

-

İran mühafizəkarları ilə islahatpərəstləri arasındakı ziddiyyət və qarşıdurmaların şahidi olmaq üçün İranda olmaq heç də mühüm deyil.

Bunun üçün, məsələn, Londondakı İngiltərə İslam Mərkəzinə baş çəkmək kifayətdir.

Britaniya paytaxtının Kilburn məhəlləsində yerləşən mərkəz ələlxüsus da məhərrəmlik və aşura günlərində izdihamlıdır.

«Wikipedia» saytındakı məlumata görə, bu mərkəzi 1996-cı ildə Ayətullah Mohsen Araki yaradıb. Məqsədi Londonun iranlı icmasının mədəni, ictimai və emosional ehtiyaclarının ödənməsidir.

Emosiya məsələsi ilə razılaşmamaq olmur, çünki elə bu günlərdə 5 nəfər iranlıdan ibarət kiçik bir qrup mərkəzin qarşısında İran hakimiyyətinin edamlar siyasətinə etiraz etmək üçün bura gəlmişdi.

Bu beş nəfərin təhlükəsizliyini 10-dək London polisi təmin edirdi.

Etirazçılar İslam Mərkəzinin özünə də etiraz edir, «İslam Mərkəzi – casus evi!» deyə şüarlar səsləndirirdilər.

Bunun cavabında mərkəzdəki məsciddə axşam namazından çıxanların bəziləri etirazçılara «satqın», «münafiq» və «kafir» kimi əks-şüarlar yağdırırdılar.

İki tərəf arasındakı gərginliyə tez-tez polis müdaxilə etməli olurdu.

Əks-etirazçılar üçün mərkəzin qarşısındakı masaların üstündə isti çay, şərbət və başqa taamlar düzülmüşdü.

Soyuq noyabr axşamında toxluq-aclıq məsələsini siyasi spektrin hansı tərəfində olmaq həll edirdi.

Amma etirazçıların da vəziyyəti çıxılmaz deyildi. Mərkəzin qarşısından keçən gur küçənin o biri tərəfində xudmani «Kiş» restoranı yerləşirdi.

Bu İran restoranında isə fisincan plovdan tutmuş bəxtiyari kababınadək, fransız şərablarından tutmuş şotland viskisinədək nə istəsən sifariş verə bilərdin.