Azərbaycan Müdafiə Nazirliyi Ermənistan təriəfinin helikopterini vurub. Bu barədə nazirlik məlumat yayıb.
Məlumatda deyilir ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı erməni hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər. Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən Ermənistan hərbi aviasiyası noyabrın 12-də daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə Azərbaycanın mövqelərinə atəş açmağa cəhd edib.
Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək Azərbaycanın mövqelərinə hücum edib. Həmin helikopter vurulub.
Nazirlik bildirir ki, vurulan helikopterin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.