«Gəncə» markalı avtomobil istifadəyə verildi

«Gəncə» markalı yük maşını 7-9 min manata təklif edilir. 9 oktyabr, 2006

Oktyabrın 9-da Gəncə Avtomobil Zavodunda ilk Çin avtomobili istifadəyə verildi. «Gəncə» adlanan kiçik tonnajlı maşının hissələri bir neçə gün əvvəl Çindən gətirilib və avtomobil çinli mütəxəssislərin iştirakıyla yığılıb. Zavodun direktoru Xanlar Fətiyevin sözlərinə görə, müəssisədə Çinin «Çan-qan» şirkətiylə müqavilə əsasında 6 modeldə kiçik və orta tonnajlı yük maşınları istehsal olunacaq ki, onlardan 3-ü «Gəncə» markasıyla çatışa çıxarılacaq. «Avro 2» standartlarına uyğun gələn avtomobillərin daxili bazarda və Azərbaycana yaxın qonşu ölkələrdə satılması nəzərdə tutulur.

«Gəncə» markalı yük maşınının 7-9 min manata təklif ediləcəyini deyən cənab Fətiyev, hesab edir ki, yanacağı qənaətlə işlədən avtomobilə müştəri tapmaqda çətinlik çəkməyəcəklər. Xanlar Fətiyev bildirir ki, bir ildə yığılacaq maşınların sayı tələbatdan asılı olacaq.


Gəncə Avtomobil Zavodu Çinin daha bir şirkətiylə müqavilə imzalayıb. Yaxın vaxtlarda «Li Fan» markasıyla minik maşınının da yığılması planlaşdırılır. Bundan əvvəl isə müəssisə Rusiyanın «Oka» və «UAZ» avtomobil şirkətləriylə də əməkdaşlıq edirdi. Onlarla müqavilə bu ilin əvvəllərində dayandırılıb.