Dünyada qızıl ucuzlaşır

Arxiv foto

Mütəxəssis Rövşən Dadaşov hesab edir ki, ucuzlaşma davam edəcək.

«2014-cü ilin əvvəlindən beynəlxalq birjalarda qızılın kəskin ucuzlaşmasının səbəbləri Amerika infilyasiya tempinin aşağı düşməsi və Federal Rezerv sistemi tərəfindən gözlənilən faiz dərəcələrinin aşağı olmasıdır». Bunu fins.az-a müsahibəsində «İnvestAz» şirkətinin Risk və Aktivlərin İdarə edilməsi üzrə departament rəhbəri Rövşən Dadaşov deyib. Onun sözlərinə görə, Amerikada dolların dəyərinin bahalaşması isə investorlar arasında qızıla olan tələbatın azalmasına gətirib çıxarıb:

«Hal-hazırda qızılın qiymətinin eniş tendensiyası davam edir və qiymət sonuncu minimum səviyyəni, yəni 1180 dolları da keçib. Bunun səbəbi oktyabr ayının sonunda ABŞ-da FRS açıqlamaları və kütləvi dövlət istiqrazlarının alış proqramının dayandırılmasıdır. Bazarlara təsir edən fundamental faktorları (siyasi və iqtisadi göstəricilər) nəzərə alsaq, deyə bilərik ki, enişin hələ də davam edəcəyi ehtimalı yüksəkdir».

Rövşən Dadaşov bunu da əlavə edir ki, 2015-ci ilin əvvəlləri üçün qızılın dəyərinə olan proqnozlar 1100-1150 dollar səviyyəsindədir:

«Qızılın ucuzlaşması özünü valyuta birjalarında artıq göstərib. ABŞ dollarının bahalaşması, investorların tələbatlarının artması funt, avro, frank, yapon yenası kimi valyutaların dəyərinin itməsinə səbəb olub. Son 6 ay ərzində ABŞ-da müsbət makro iqtisadi xəbərlər dolların dəyərinin daha da bahalaşmasına təkan verib».