Murad Ədilovun yaxınları “Bandotdel”də dindirildi

Murad Ədilov


AXCP üzvü, hazırda Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan Murad Ədilovun həyat yoldaşı və anası Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (BMCQMI) ifadə verib. Onlar öz şikayət və müraciətləri əsasında dindirilib. Bu barədə xəbər yayan azadliq.info yazır:

“Məsələ burasındadır ki, Murad Ədilov həbs edilən gün onların evlərinə soxulan çoxsaylı (19 avtomobillik heyət) güc strukturu əməkdaşları hədə və təhdid yolu ilə yuxarıda adı çəkilən şəxslərdən onların iradəsinə zidd, həmçinin həqiqətə uyğun olmayan ifadələr alıb. Xatırladaq ki, evə hücum zamanı ailə üzvləri hələ də müalicəsi davam edən travmalar alıb. Təzyiq yolu ilə yaxınlarından alınan ifadələrdən isə Murad Ədilova qarşı həbs-qətimkan tədbiri seçiləndə istifadə edilmişdi. Daha sonra bu ifadələri aradan qaldırmaq üçün Muradın yaxınları BMCQMI-yə müraciət etmişdilər. Müraciətə müsbət cavab gəldiyindən onlar ötən gün müstəntiq Hacı Əfəndiyevə yeni izahat veriblər. Vəkillər hesab edir ki, istintaq və məhkəmə Murad Ədilovun işi obyektiv araşdırmağa meylli olarsa, verilən son izahatlar xeyli dərəcədə işə yararlı ola bilər”.

Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov avqustun 11-də saxlanılıb. Elə həmin gün evlərində axtarış aparılıb. O, narkotik maddə saxlamaqda ittiham edilir.