Burkina Faso prezidenti getməyəcəyini deyir

Blaise Compaore

Burkina Faso prezidenti Blaise Compaore etirazlara baxmayaraq istefaya getmək istəmir. O, əksinə, parlament buraxılandan sonra keçid hökumətinə başçılıq edəcəyini bildirib.

Etirazçılar oktyabrın 30-da parlament binasına hücum edib, onun bir hissəsini yandırıb. Məqsəd Compaore-nin beşinci dəfə prezident seçilməsinə imkan verəcək parlament səsverməsini dayandırmaq olub.

Müxalifət aksiyada 30-dək adamın öldürüldüyünü deyir. Ancaq bu rəqəmi müstəqil təsdiqlətmək mümkün olmayıb.

Oktyabrın 30-da bir neçə saatlıq fövqəladə vəziyyət elan edilsə də, sonradan ləğv olunub.

Etirazçılara güzəşt olaraq hökumət qanun layihəsini geri götürüb.

Ordu daha sonra elan edib ki, hökumət və parlament buraxılıb və yeni birlik hökuməti elan olunacaq.

Compaore bu Qərbi Afrika ölkəsində 1987-ci ildə dövlət çevrilişindən sonra hakimiyyətə gəlib.