«Sübhün səfiri» Macarıstanda təqdim olundu

Aktyor Rasim Balayev Mirzə Fətəli rolunda, "Sübhün səfiri" b/f

-

Azərbaycan dramaturqu, filosof və ictimai xadim Mirzə Fətəli Axundzadə haqqında çəkilmiş "Sübhün səfiri" filminin yaradıcı heyəti - ssenari müəllifi Anar, baş rejissor Ramiz Həsənoğlu və Mirzə Fətəli rolunun ifaçısı aktyor Rasim Balayev filmin Macarıstan paytaxtında keçirilən təqdimat ilə əlaqədar Budapeştə gəliblər.

Oktyabrın 21-də Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində filmin yaradıcı heyəti ilə Budapeştdə yaşayan Azərbaycan və türk icması nümayəndələrinin, burada təhsil alan azərbaycanlı tələbələrin, macar sənət adamlarının görüşü keçirilmişdir.



Görüşdə səfir Vilayət Quliyev qonaqları təqdim edib, XIX əsr Azərbaycan və bütünlükdə islam Şərq mədəniyyətinin, ictimai fikrinin tarixində Mirzə Fətəli Axundzadənin yeri və rolu haqqında danışıb.

Yaradıcı heyət film üzərindəki iş barəsində görüş iştirakçılarına ətraflı məlumat verib.

Budapeşt, "Sübhün səfiri" filminin yaradıcı heyəti

Budapeştdəki Azərbaycan icmasının nümayəndələrindən Svetlana Abdullayeva, Vüqar Seyidov, Ramiz Əmirli, Macarıstandakı Türk iş adamları dərnəyinin başkanı Osman Şahbaz öz çıxışlarında Azərbaycanla Macarıstanın, eləcə də Macarıstanla türk dünyasının mədəni əlaqələrini daha da genişləndirməyin əhəmiyyətini vurğulayıb, səfirliyinin bu istiqamətdəki fəaliyyətini bəyəniblər.

Filmin yaradıcı heyətinin üzvləri, habelə Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Nazim İbrahimov və gənc yazıçı Günel Anarqızı görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.