Ağ Evin hasarına dırmaşan şəxs saxlanıb

Ağ Ev, Vaşinqton

Oktyabrın 22-də gecə Ağ Evin hasarına dırmaşan 23 yaşlı şəxs saxlanıb. Hasarı aşıb Ağ Evin binasına doğru qaçmaq istəyən şəxs dərhal Məxfi Xidmət agentləri və xüsusi itlər tərəfindən dayandırılıb.

Məxfi Xidmətin sözçüsü Brian Leary deyib ki, Dominic Adesanya Merilend ştatındandır. O, Ağ Evin şimal tərəfdən hasarına dırmaşıb. Adesanya saxlanan vaxt silahsız olub. Ona ittihamlar irəli sürüləcəyi gözlənir.

Bu insidentdən bir həftə öncə Ağ Evin hasarını aşan şəxs silahlı agentləri ötərək Ağ Evin binasına girə bilmişdi. Bu hadisə prezident Barack Obamanın təhlükəsizliyi ilə bağlı digər pozuntuları aşkarladı və nəticədə agentliyin rəhbəri Julia Pierson istefa verdi.