John Kerry Berlində Merkellə görüşəcək

John Kerry, ABŞ Dövlət Katibi

ABŞ Dövlət Katibi John Kerry oktyabrın 22-də Berlində Almaniya kansleri Angela Merkellə görüşəcək. Kerry Berlinə oktyabrın 21-də çatıb, alman həmkarı Frank-Walter Steinmeier ilə gecəyarısı görüşüb. Tərəflər İraq və Suriyada İslam Dövlət yaraqlıları ilə mübarizəni, Ukraynanın şərqindəki böhranı, Ebola virusunu, İranla nüvə danışıqlarını müzakirə ediblər.

Gələn ay Berlin divarının aşırılmasının 25 illiyidir. Oktyabrın 22-də Kerry və Steinmeier Berlin divarı abidəsinə əklil qoyacaq. Berlin divarı 1989-cu il noyabrın 9-da sökülüb.

ABŞ-Almaniya münasibətlərində gərginlik yaşanmaqdadır. Səbəb ABŞ kəşfiyyat agentliyinin Almaniyada casusluqla məşğul olması, Merkelin mobil telefonunun dinlənməsi barədə ötən il yayılan məlumatlardır.