ABŞ Leyla Yunusun həbsdə saxlanmasından narahatdır

Leyla Yunus, hüquq müdafiəçisi

Birləşmiş Ştatlar azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunusun hələ də həbsdə saxlanmasından narahatlığını bildirib. ABŞ Dövlət Departamenti qeyd edib ki, Leyla Yunus səhhətinin pisləşməsinə baxmayaraq, lazımi tibbi xidməti ala bilmir.

Dövlət Departamentinin sözçüsü Jen Psaki hakimiyyəti çağırıb ki, fundamental hüquqlardan istifadə etdiyinə görə saxlanan şəxsləri azadlığa buraxsın, sağlıq durumu pis olanlardan başlasın. Leyla Yunus və əri Arif də ilk buraxılmalı olanların arasındadır.

57 yaşlı Leyla Yunus iyulun 30-da saxlanıb. O, Ermənistana casusluq etməkdə, qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur. 59 yaşlı Arif Yunusa da casusluq və digər ittihamlar irəli sürülüb.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus ermənistanlı hüquq müdafiəçiləri ilə birlikdə xalq diplomatiyasının fəal iştirakçısı olub.