Ombudsman Aparatının əməkdaşları həbsxanalarda olub

Arxiv foto

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrinə qısamüddətli baş çəkiblər. Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Məlumata görə, əməkdaşlar 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Azərbaycan İslam partiyasının sədri Mövsüm Səmədovla görüşüb, saxlanma şəraitini araşdırıb. M.Səmədov Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən, 2 il müddətinə həbsxana rejiminə keçirilib.

13 saylı cəzaçəkmə müəssisəsinin karantin otağında saxlanılan Tofiq Yaqublu da qəbul edilib, vəziyyəti araşdırılıb. Görüş zamanı T.Yaqublu cəzaçəkmə müəssisəsində saxlanılma şəraiti və rəftarla bağlı narazı olmadığını bildirib.

14 saylı cəzaçəkmə müəssisəsində Sərdar Əlibəyli də saxlanılma şəraiti və rəftarla bağlı şikayət etməyib.

Ombudsman Aparatı bildirir ki, bu görüşlər zamanı qaldırılan məsələlərlə əlaqədar müvafiq səlahiyyətli dövlət orqanlarına müraciət edilib.