Əməyin təhlükəsizliyi ilə bağlı Milli Strategiya Nazirlər Kabinetinə təqdim olunub

Dəri emalı zavodu

“Azərbaycanda əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya” hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Avropa İttifaqının (Aİ) İş yerində təhlükəsizlik və sağlamlıq üzrə Agentliyinin ekspertləri ilə görüşündə bu haqda məlumat verib.

İ.İsayev avropalı ekspertlərə yeni milli strategiyada aşağıdakıların nəzərdə tutuluduğunu bildirib:

Əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramının qəbul edilməsi;

Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin yaradılması;

Dövlət Əməyin Mühafizəsi Fondunun,

Əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması,

İş yerlərində təhlükəsizlik və sağlamlıq üzrə Avropa standartlarının qəbul edilməsi;

Oktyabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən görüşə Həmkarlar Təşkilatları İttifaqının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri də qatılıb.

İdris İsayev Azərbaycanın əməyin mühafizəsi ilə bağlı Beynəlxalq Əmək Təşkilatının (BƏT) müvafiq konvensiyalarına qoşulduğunu xatırladıb. Əlavə edib ki, bu sənədlərdən irəli gələn prinsiplər Azərbaycan Respublikasının Əmək Məcəlləsində əksini tapıb.

Aİ-nin İş yerində təhlükəsizlik və sağlamlıq üzrə Agentliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Tim Tragenza təmsil etdiyi agentliyin əsas məqsədlərindən danışıb. Bildirib ki, bura peşə sağlamlığı və təhlükəsizliyi məsələlərinə dair təbliğat xarakterli kampaniyaların keçirilməsi, Avropa Qonşuluq Siyasəti çərçivəsində tərəfdaş ölkələrlə əməyin mühafizəsi sahəsində bilik və təcrübə mübadilələrinin aparılmasının təşkil edilməsi daxildir.

Tim Tragenza 2014-cü ilin fevralından bu sahədə yeni layihəyə start verildiyini xatırladıb. Layihə tərəfdaş ölkələr arasında qeyd olunan sahədə təcrübə mübadilələrinin aparılmasına, qarşılıqlı yardımlaşmaya, əməyin mühafizəsi üzrə qabaqlayıcı tədbirlərin hazırlanmasına öz töhfəsini verəcək.

Görüşdən sonra avropalı ekspertlər və nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri, eləcə də sosial tərəfdaşların iştirakı ilə müzakirə olunub.