Arıçılıq təsərrüfatları sığortalanacaq

Heydər Əsədov

-

Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə Nazirliyi ilə birgə hazırladığı «Kənd təsərrüfatı məhsullarının sığortası haqqında» qanun layihəsi artıq Nazirlər Kabinetinə təqdim olunub.

Bu barədə fins.az-a kənd təsərrüfatı naziri Heydər Əsədov açıqlama verib. Onun dediyinə görə, sənəddə aqrar sığorta ilə bağlı dövlətin dəstəyi, təkrarsığorta məsələləri öz əksini tapıb.

Nazir bu gün Bakıda başlayan və oktyabrın 30-na qədər davam edəcək arıçılıq məhsullarının sərgi-satış yarmarkasında iştirak edib. Arıçılıq təsərrüfatlarının sığortalanmamasına münasibət bildirən Heydər Əsədov deyib ki, aqrar sığorta haqqında qanun Milli Məclisdə qəbul olunduqdan sonra bu məsələ dövlət tərəfindən tənzimlənəcək.

Amma yarmarkaya qatılmış arıçılar fins.az-a sığorta şirkətlərinin onların təsərrüfatlarını sığortalamaq istəmədiklərini bildiriblər. Baxmayaraq ki, builki quraqlıq aqrar sektorun digər sahələri ilə yanaşı, arıçılığa da ziyan vurub, məhsul istehsalı 2-3 dəfə azalıb.