Təhsil Nazirliyi "Müəllimlər günü" ilə bağlı xəbərdarlıq etdi

Təhsil Nazirliyi "Müəllimlər günü" ilə bağlı pul yığan müəllim və ya məktəb direktorunu vəzifəsindən dərhal azad edəcək.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib. O deyib ki, "Müəllimlər günü" ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır.

Cəsarət Valehov bildirib ki, belə faktla üzləşənlər nazirliyin 146 saylı qaynar xəttinə məlumat versin, amma müraciət anonim olmadığı təqdirdə araşdırılacaq: “Fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq”.