Avropa Məhkəməsi Həsən Kərimovun şikayətini təmin edib

AXCP ali məclisinin sədri Həsən Kərimov

-

Avropa İnsan Haqları məhkəməsi AXCP ali məclisinin sədri Həsən Kərimovun 2005-ci il Azərbaycan parlamentinə seçkiləri zamanı hüquqlarının pozulmasını tanıyıb. Azərbaycan hökumətini Kərimova dəymiş maddi və mənəvi zərərə görə 10 min avro cərimələyib.

Həsən Kərimov bu qərarı ədalətli saymır. Bu barədə AzadlıqRadiosuna danışan Kərimov deyir ki, məhkəmə 5 illik deputat əməkhaqqının - təxminən 60 min manat ödənilməsi ilə bağlı qərar çıxarsaydı daha ədatəli olardı:

"Mənim əlimdə 32 dairədən 29-da qalib olmağımla bağlı rəsmi protokollar varıydı. Hüquqlarımın pozulması sənədlərlə də sübut olunurdu. 60 min manat kompensasiya ödənilməsini gözləyirdim".

Həsən Kərimov Səbael rayonundan öz namizədliyini irəli sürmüşdü. Həmin dairədən Fuad Muradov seçilmişdi.

Ümumulikdə 2005-ci ildə Azərbaycanda parlement seçkiləri ilə bağlı Avropa Məhkəməsinə 21 şikayət göndərilmişdi. Onlardan 12-si ilə bağlı qərar qəbul olunmuş, 8 işdə tərəflər barışığa gəlmişdi. Yeganə iş - Həsən Kərimovun şikayəti ilə bağlı qərar qalmışdı.