Cameron İD-ə zərbələr üçün parlamentdən dəstək istəyir

Britaniyanın baş naziri David Cameron

Britaniyanın baş naziri David Cameron İslam Dövləti (İD) yaraqlı qrupuna zərbələr endirmək üçün parlamentin icazəsini istəyəcək. Cameron parlamenti tətildən çağırıb və sentyabrın 26-da onlar qarşısında çıxış edəcək. Cameron Birləşmiş Ştatlar və müttəfiqlərinin İD-ə qarşı kampaniyasına qoşulmaq istəyir.

Cameron əvvəlcə parlamentdən dəstək istəməyə tərəddüd edirdi. Ötən il parlamentarilər Britaniyanın Suriya hökumət qüvvələrinə qarşı hava zərbələrinə “yox” demişdi.

Britaniya partiyaları baş naziri dəstəkləyəcəyini bildirir. Britaniya ləhcəsi ilə danışan İD yaraqlısının iki ABŞ jurnalisti və britaniyalını öldürməsi ölkədə İD-ə qarşı ictimai fikri oyandırıb.

İD Suriya və İraqda böyük əraziləri tutub. Britaniya deyir ki, 500 vətəndaşı Suriya və İraqa döyüşməyə gedib. Bu da onlardan bəzilərinin qayıdıb Birləşmiş Krallıqda terror törədə biləcəyi sarıdan narahatlıq yaradıb.