YUĞ yeni mövsümü «Unudulmaz Əfəndi» tamaşası ilə açdı

YUĞ teatrı

-
Məhəbbət ümidsiz vəziyyətdən belə çıxış yoludur...

Sentyabrın 20-də saat 18.00-də Azərbaycan Dövlət “YUĞ Teatrı "Unudulmaz Əfəndi" tamaşası ilə yeni mövsümü açıb.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, tamaşa Xalq yazıçısı İlyas Əfəndiyevin pyesləri əsasında hazırlanıb.

Tamaşanı səhnələşdirən və quruluşçu rejissor Əməkdar artist Vidadi Həsənov, quruluşçu rəssam Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Vüqar Hacıyevdir.

Rolları Vidadi Həsənov, Sonaxanım Mikayılova, Amid Qasımov, Könül Cəfərzadə və Vüqar Hacıyev oynayırlar.

Teatr tamaşanı belə tanıdır: Nevrotik bir stixiya içərisində yaşayan – “adamlar arasında özünü Robinzon Kruzo kimi hiss edən” Yaşlı Kişi, bir gecə qəflətən maddiləşən fantomları ilə üzbəüz qalır.

Bu irreal, həm də bəşəri varlıqlar – Yaşlı Qadın, Gənc Oğlan, Gənc Qız və Virtual Şəxs – tənha qoca ilə əcaib bir oyun oynayırlar.

Bu oyun – Astana oyunu onu amansız tənhalığın aqoniyasından xilas edir.

Bütün həyatını bir daha saf-çürük edən Yaşlı Kişi, nəhayət, ən son seçimini edir.

Tamaşa bu fikri aşılayır: “Məhəbbət ümidsiz vəziyyətdən belə çıxış yoludur”.

Tamaşa 80 dəqiqə sürür.