Kürdüstan Fəhlə Partiyası (PKK) Türkiyənin əsasən kürdlərin yaşadığı cənub-şərqi hissəsindəki gənclərə müraciət edib ki, Suriyada İslam Dövləti (İD) yaraqlılarına qarşı döyüşlərə qoşulsunlar.
PKK sentyabrın 18-də yaydığı bəyanatda deyib ki, gənclər Suriyanın şimalın, Türkiyə ilə sərhəddəki Ayn al-Arab şəhərinə getməli və “tarixi və şərəfli müqavimətdə” iştirak etməlidir.
PKK Türkiyə kürdlərinin muxtariyyəti üçün 30 ildir mübarizə aparır. Bu çağırışdan öncə İD yaraqlıları Ayn al-Arab ətrafındakı kürd kəndlərini tutublar.
Suriyalı fəallar bildirir ki, şəhəri müdafiə edən kürd yaraqlılar İD tərəfindən artilleriya və tank atəşinə tutulub.
Hələb vilayətində isə hökumət vertolyotları İD yaraqlılarının tutduğu Al-Bab şəhərinə hücum edib, azı 12 nəfər öldürülüb, onlarla adam yaralanıb.