Avropa Birliyi Serbiyada Cənub Axını kəmərinin tikintisinin qarşısını almayacaq

Avropa Birliyi bildirir ki, Serbiyada Cənub Axını kəmərinin tikintisinin qarşısı alınmayacaq, ancaq bu kəmərlə qaz Avropaya yalnız o halda verilə bilər ki, Avropa Birliyinin bütün qanunlarına riayət olunsun.

Bunu Avropa Birliyinin enerji komissarı Oetingerin sözçüsü Holzner sentyabrın 17-də deyib.

Holzner bildirib ki, Serbiya Avropa Birliyinin üzvü olmadığına görə Birlik bu ölkədə kəmərin tikintisinin qabağını ala bilməz. Bu ilin əvvəlində Avropa Birliyi öz üzvü olan Bolqarıstanda kəməri tikilməyə qoymadı.

Avropa Komissiyası hesab edir ki, Qazprom digər qaz istehsalçılarını bu kəmərə yaxın qoymamaqla antiinhisar qanunu pozur.

Avropa Birliyinin genişlənmə komissarı Fulenin sözçüsü Stano deyib ki. Serbiya bu kəmərin tikintisinə icazə verməklə özünün Avropa Birliyinə qoşulmasını çətinləşdirir. Çünki bütün enerji məsələləri Avropa Birliyinin standartlarına cavab verməlidir.