Kerry Ciddədə danışıqlar aparıb

John Kerry

Yaxın Şərqdə səfərdə olan ABŞ Dövlət katibi John Kerry deyib ki, 10 ərəb ölkəsi Yaxın Şərqə İslam Dövləti (İD) yaraqlıları ilə mübarizə aparmağa razılaşıblar.

Sentyabrın 11-də Kerry Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri Ciddədə Türkiyə, Misir və Körfəz ölkələrinin rəsmiləri ilə danışıqlar aparıb.

Bir-iki gün əvvəl televiziya ilə çıxışında ABŞ prezidenti Obama ABŞ-ın İraqda və Suriyada İD yaraqlılarına hava zərbələri endirməyə hazırlaşdığını, İD hərbi qruplaşmasını dağıtmağı sürətləndirəcəyini bildirmişdi.

John Kerry-nin sözlərinə görə, Bəhreyn, Misir, İraq, Küveyt, İordaniya, Livan, Oman, Qatar və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın yaratdığı koalisiyaya qoşulmağa razılaşıb.

Bildirilir ki, islam dövlətləri Yaxın Şərqə İslam Dövləti (İD) yaraqlıları ilə mübarizədə hava zərbələrinə şərait yaradacaq, İD-ə gələn maliyyə kanallarını kəsəcək.

Kerry bildirib ki, o, Yaxın Şərq liderləri ilə “mümkün qədər geniş koalisiya” qurulması üçün görüş davam edəcək.

Rusiyanın Xarici İşlər Nazirliyi deyib ki, Suriya ərazisindəki İD yaraqlılarına qarşı hava hücumları BMT Təhlükəsizlik Şurasının mandatı olmadan aparılır.

Kerry deyib ki, “ölkə işğala məruz qalıbsa, ölkə köməyə çağırırsa, beynəlxalq qanunlara əsasən” onlar bu çağırışa cavab verməyi düzgün sayırlar.

O deyib ki, “Ukraynadakı hadisələr bu qədər ciddi olmasaydı, Rusiyanın beynəlxalq qanunlara istinad ideyası yalnız gülüş doğurardı”. Kerry-nin sözlərinə görə, “Krım və Ukraynanın şərqində baş verənlərdən sonra Rusiyanın beynəlxalq qanunları istənilən müdafiə cəhdinə cəsarət etməsi” onu təəccübləndirib.