BP xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün karyera forumu təşkil edib

Sentyabrın 8-də BP şirkəti neft və qaz sənayesi ilə bağlı ixtisaslar üzrə xaricdə təhsil alan Azərbaycanlı tələbələr və məzunlar üçün karyera forumu təşkil edib.

Bu barədə BP-nin yaydığı açıqlamada bildirilir.

Azərbaycan-Böyük Britaniya Məzunları İctimai Birliyi (AUKAA) ilə birgə təşkil edilən bu tədbirdə xaricdə təhsil alan 120 azərbaycanlı tələbə və məzun iştirak edib.

Bu forum BP şirkətindəki karyera imkanlarının interaktiv şəkildə müzakirəsinə və BP-nin rəhbər nümayəndələri ilə ünsiyyət qurulmasına imkan yaradır, - şirkətin açıqlamasında deyilir.

BP şirkətinin İnsan Resursları üzrə vitse-prezidenti Leyla Novruzovanın sözlərinə görə, bu forum xaricdə təhsil alan tələbələr üçün məlumat almaq və ünsiyyət qurmaq imkanı verir: «Onlar BP şirkətinin yüksək vəzifəli nümayəndələri ilə görüşərək mövcud və gələcək karyera imkanlarını, işəgötürmə proqramlarını və planları müzakirə edə bilir».

Karyera forumu BP şirkətinin bu regiondakı məzun və tələbələrin işə qəbulu proqramının bir hissəsidir.