İlqar Fəhmi Yazıçılar Birliyinin katibidir

İlqar Fəhmi

-

“Ulduz” jurnalının baş redaktor müavini İlqar Fəhmi Yazıçılar Birliyinin katibi təyin edildi.

Bu barədə AYB.az saytı xəbər verir.

O, iyunun 19-da dünyasını dəyişmiş Arif Əmrahoğlunun yerinə təyin edilib.

İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakının Zirə kəndindəndir.

1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. 8 kitabı dərc edilib,

2002-ci ildə "Axırıncı qatar" ("İtlər") pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi" (2009, rejissor Fikrət Əliyev), "Aktrisa" (2010, rejissor Rövşən İsax), "Dərvişin qeydləri" (2011-2012, rejissor Eldar Quliyev) və başqa ssenariləri dövlət sifarişiylə ekranlaşdırılıb.

2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb.