Ukrayna Rusiyanı ərazisinə hərbi müdaxilədə ittiham edir

Ukrayna Rusiyanı ərazisinə hərbi müdaxilədə ittiham edir. Daxili işlər nazirinin müşaviri Zoryan Shkiryak deyib ki, müdaxilə bir neçə istiqamətdə gedir. Rusiya bununla hökumət qüvvələrini səpələmək və Donbassda yaşayış məntəqələrini nəzarətə almağa çalışır.

Medianın məlumatına görə, separatçılar Novoazovsk limanını nəzarətə götürüb Mariupol tərəfə gedirlər. New York Times qəzetinin əməkdaşı Andrew Kramer xəbər verir ki, Rusiya tərəfdən Ukraynana tanklar, artilleriya və piyadalar keçib, «onlar Ukrayna hərbçilərinə hücum edir, çaxnaşma yaradır və tammiqyaslı hücuma keçirlər».

NOVOAZOVSKU RUSLAR TUTUB

Novoazovsk rus hərbçiləri tərəfindən tutulub, tanklarla mühasirəyə alınıb. Sakinlərin şəhərdən çıxması yasaqlanıb, bunu «5-ci kanal»ın efirində «Dnepr-1» batalyonunun 5-ci rotasının komandiri Vladimir Shilov deyib.

Novoazovskun meri də şəhərdə separatçıların görünməsini təsdiqləyib. «Kommersant» qəzeti yazır ki, Ukrayna ordusu şəhəri hələ avqustun 26-da tərk etməyə başlayıb. Həmin gün şəhərin şimal və qərb ətraflı atəşə məruz qalıb. Bundan sonra Ukrayna qüvvələri Mariupol tərəf keçiblər. Frans Press də ordunun geri çəkilməsindən yazır. Ancaq ordu təmsilçiləri təkid edirlər ki, şəhər əvvəlki kimi nəzarətdədir.

DONETSK VƏ LUQANSKDA DÖYÜŞLƏR GEDİR

Novoazovsk Rusiya ilə sərhədin 15 kilometrliyində, Mariupoldan 44 km şərqdədir. Ukrayna ordusu iyunda Mariupolu nəzarətə götürüb.

Hazırda Donetsk vilayətinin İlovaysk şəhəri yaxınlığında və Luqanskda ağır döyüşlər gedir. Ordu eyni zamanda separatçıların mərkəzinə çevrilmiş Donetski mühasirəyə almağa çalışır.

Ukrayna Rusiya qüvvələrinin separatçıların hücumlarını dəstəklədiyini bildirir. Moskva isə yaraqlıları silahlandırdığını, Ukraynaya əsgər göndərməsini danır.