-
Dilqəm
5-ci sinif uşağı
bir az baxışın olsa yadımda,
bir az gülüşün,
saçlarından bir az olsa əllərimdə,
əllərin bir də, əllərimdə üşüsə bir az mənə bəsdi əslində,
mən əslində səni sevməmişəm hələ,
ibadətlə məşğulam, şeir yazıram sənsizliyə beşinci sinif uşağı kimi..
və o uşaq kimi mən də allahın kişi olduğuna inanıram
tərslikdən, təsadüfən, ya da səhvən
gülməlidir, hə?
gül, əzizim, o uşaq kimi gül sən də,
sən güləndə mən bütün dini kitabları yandırmaq istəyirəm ürəyimdə..
belə qorxuram yoxsa, beşinci sinif uşağı kimi qorxuram ki, yanaram birdən
və birdən saçların düşər əllərimdən..
saçların demişkən, yuxuda sanki daha qısa görünür həmişəkindən..
..yoxsa nədən qorxacam ki?
sevərəm səni də ürəyimdə,
beşinci sinif uşağı kimi səssiz, sakit, öz içimdə..
amma əslində mən səni sevməmişəm hələ,
ibadətlə məşğulam, şeir yazıram sənsizliyə..
gülməlidir, hə? gül, əzizim, gül,
sən güləndə mən bütün din adamlarını öldürmək istəyirəm ürəyimdə,
amma qorxuram, qorxuram ki, yanaram birdən
və birdən saçların düşər əllərimdən..
saçların demişkən, içimdə sanki daha buruq-buruq görünürlər..
..yoxsa nədən qorxuram ki?
sevərəm səni də elə bu gündən, səhər tezdən, səssiz, sakit, öz içimdə
amma əslində mən səni sevməmişəm hələ,
ibadətlə məşğulam, şeir yazıram sənsizliyə..
sənsizlik demişkən, payızda daha çətindi sanki,
daha ölümcüldür ele-bil payızdakı yoxluğun,
mən səni payızda sevməmişəm hələ..
səndən danışıram
səndən danışıram
tanımadığım insanlara,
sən gedəndə
arxandan
unutduğun gülüşünü
başa salmaq çətin gəlir,
ölüm çıxıb qabağıma səni danışır elə-bil,
sən gedəndə
arxana belə baxmadığını
başa sala bilmir,
ölüm səndən asan gəlir mənə..
səndən danışıram
tanıdım, tanımadım, bilmirəm,
sən gedəndə
nə rəng idi paltarın?
yadıma sala bilmirəm..
ölüm kəsib qabağımı səni soruşur elə-bil,
sən gedəndə çoxdan idi,
ölümə də çox var idi,
amma indi
sən ölümdən uzaqdasan mənə..
səndən danışıram
danışıram ki, rahat olum,
sən gəlsən də
bundan sonra mənə rahat olmaz ölüm,
amma gəl, gəl səsini eşidim,
gəl bir az da sən danış,
danış ki, heç olmamısan,
gəl danış ki, heç olmasa səssiz olmasın ölümüm..
ölüm sənsiz kardı mənə..
səndən danışıram
öz-özümə..
danışıram ki, gələcəksən,
öz-özümə ölmək istəmirəm,
sən mənim qurtuluş günümsən bəlkə də..
avqustun axırı
tanımadığın bir sevgilinin ölümü kimidir yalnızlıq,
saçlarını sığallamaq, boynunu öpməkdir darıxmaq
tanımadığın bir sevgilinin cansız bədənini qucaqlamaq kimidir,
bər-bərk sarılmaq yazısı silinmiş qəbir daşlarına,
tozunu təmizləmək, sığallamaq torpağını,
dua etmək boşluğuna lal olmaqdan betərdi..
bir sevgili ölməsin gərək avqustun axırında,
payıza bir addım qalmış
çıxıb getməsin gərək heç nə olmamış kimi,
gül kimi yaşamaq varkən,
getməsin gərək
bəhanəsiz bir ölüm kimi..
Samsun, 2014.