Yayın ən isti günü 20 avqust olacaq

Bakı

Yaxın günlərdə Bakıda ən isti günün avqustun 20-də olacağı gözlənilir. Həmin gün günorta saatlarında paytaxtda bəzi ərazilərdə temperaturun 41 dərəcəyə kimi yüksələcəyi ehtimal edilir. Avqustun 21-dən başlayaraq isə temperatur nisbətən azalacaq. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, son iki gün ərzində Azərbaycan ərazisində ən yüksək temperatur Aran rayonlarında qeydə alınıb. Burada temperatur 40 dərəcəyə kimi yüksəlib. Abşeron yarımadasında 39 dərəcə isti olub. Həmin günlərdə müşahidə edilən orta sutkalıq temperatur çoxillik iqlim normasından 3,5 dərəcə yüksək olub.

U.Tağıyeva bildirib ki, havanın temperaturu stansiya ərazisində-asfalt olmayan, qrunt olan ərazidə ölçülür:

«Buna görə də əgər biz havanın temperaturunu 36 dərəcə deyiriksə, şəhərdə asfalt örtüklər, binaların sıx olması temperatur rejiminə öz təsirini göstərir. Buna görə, Bakı şəhərinin bəzi ərazilərində temperatur bir qədər yüksək ola bilər. Yəni stansiya şəraiti ilə müqayisə aparsaq, Bakı şəhərində həmin «ideal» vəziyyətdə ölçülən temperaturdan 2-3 dərəcə fərqli ola bilər».