Qazaxlı işadamı baş prokurordan narazı qalıb

Mülkü əlindən alınan qazaxlı işadamı Elşad Məmmədov

Mülkü əlindən alınan qazaxlı işadamı Elşad Məmmədov avqustun 15-də növbəti dəfə baş prokuror Zakir Qaralovla görüşüb.

Onun AzadlıqRadiosuna dediyinə görə, bu dəfə görüş Qazaxda baş tutub:

«Baş prokurorun Qazax sakinləri ilə görüşü var idi. Mən də onunla görüşə bildim. İmkan vermədi geniş danışmağa. Dedi ki, «sənin məsələni bilirəm, tez ol, tələsirəm, vaxtım azdır». Ötən görüşdə o mənim haqlı olduğumu etiraf etmişdi. Tapşırıq vermişdi ki, sənədlər Ali Məhkəməyə göndərilsin. Güman edirdim ki, Ali Məhkəmə ədalətli qərar çıxaracaq. Sonradan öyrəndim ki, məhkəmə sənədlərə baxmaqdan imtina edib. Çünki, Ali Məhkəmənin sədri mənim evimi əlimdən alan nehrəmli İbrahim İbrahimlinin qohumudur. Bütün bunları Zakir Qaralova danışdım. Dinləmək istəmirdi».

Elşad Məmmədov bildirir ki, o İbrahim İbrahimlinin rəhbəri olduğu «Avesta» Konserninə məxsus tikinti şirkətinə 355 min manat ödəyərək iki mənzil alıb, bir müddət sonra isə həmin evlər onun xəbəri olmadan satılıb. İş adamının dediyinə görə, indiyədək o, evlərə ödədiyi pulunu ala bilmir.

İbrahim İbrahimli isə qazaxlı iş adamına borclu olmadığını bildirir və həmin şəxsi fırıldaqçılıqda ittiham edir.