Orta Qərvənd kəndi; Güllə izli qapının sakinləri

90-cı illəri xatırladan güllə izləri.

Simuzər Bağırova: «Dolanışığımız – özümüzü yoraq, beləcə fırlanırıq. Ancaq dərdimiz bu ermənidir...».

Cəbhə bölgəsinin qonaqpərvər insanları...

İyulun axırı - avqustun əvvəllərində olan atışmalar Orta Qərvənd kənd sakinlərini qayğılandırıb. Bir çox ailə başçısı kimi Famil Bağırov da həyat yoldaşı ilə uşaqlarının təhlükəsizliyinə görə onları qonşuluqdakı kənddə yaşayan qohumlarıgilə yola salıb. Bir neçə gündür anası ilə evlərində tək qalıb. Famil Bağırov: «5-ə 10 dəqiqə işləmişdi, necə güllə səsi gəldisə, elə bil, yağış yağır».

Orta Qərvənd sakini: «Əvvəllər tək-tək atırdılar. Öyrəşmişdik ki, müharibə zonasıdır. Amma daha belə qorxu içində yaşamırdıq...».

Simuzər Bağırova: «Əlimiz-qolumuz soyuyub. Soğanlıqdakı məhsulu gedib yığa bilmirik. Evimizi axırıncı dəfə nə vaxt təmir etmişik, yadımda deyil».

Simuzər Bağırova: «Atışmalar günü uşaq əlini boşqaba uzatmadı. Dedim niyə yemirsən, dedi iştaham yoxdur. Ac yatdı...».

Ailənin qonaq otağı. Simuzər xala deyir ki, bu aralar qapılarını döyən qonaq yoxdur. Atışmaya görə özləri qohumlarına qonaq gedirlər ki, təhlükədən bir az uzaq olsunlar.

Bağırovların qış tədarükü. Bir tərəfdən güllədən ehtiyatlanmaq, o biri tərəfdən qışa ehtiyat görmək. Onların həyatı beləcə keçir...

Səhər yeməyi. Uşaqları və gəncləri müvəqqəti yaxınlıqdakı kəndlərə yola salan ailələrin yaşlı üzvləri və kişilər həyət-bacanın, ev-eşiyin keşiyində qalır.

Bakıdan tez-tez gələn zənglər də sakinləri təşvişə salıb: «Köç var? Atışma var?».

Kəndlilər axşam baş verən atışmalarla bağlı fikirlərini bölüşürlər.

Bu axşam atışma bir az səngiyib. Famil Bağırov gözünün acısını ala bilib. Odur ki, səhər açılan kimi yenə iş başına.

Orta Qərvənd kəndində əkin sahəsi. Kənd minalı sahələrlə burun burunadır. Sakinlər deyir, kənddən hərbi postu 150-200 metr ayırır. Son günlərin gərginliyi, aramsız atışmaları bu kənddən də yan ötməyib.

Ağdamlı sürücü: «Bu süni yaradılmış təpəciklər kənddən kəndə gedəndə bizi qarşı tərəflərin atəşaçma ehtimalından qoruyur. İndi rahatlıqla maşın sürə bilirik».