Dan Brown-un yeni romanı Azərbaycan dilində!

-

"Qanun" nəşriyyatı populyar Amerika yazıçısı Dan Brown-un ən yeni əsərini Azərbaycan dilində çap edib.

"Cəhənnəm" romanında rəmzlər üzrə görkəmli mütəxəssis Robert Lenqdon ölümlə hədələnir.

Onu və gənc həkim Sienna Bruksu Florensiya şəhərində təqib edirlər.

Yalnız Lenqdonun tarixin gizli keçidləri və qədim sirlərdən xəbərdar olması onları naməlum təqibçilərin pəncəsindən qurtara bilər.

Dantenin şah əsəri olan “İlahi komediya”dan bir neçə misra onlara Renessans dövrünün məşhur abidələri, rəsmləri və tikililərində gizlənmiş kodlar zəncirini aça bilmək üçün yol göstərəcəkdir...

Əsəri Azərbaycan dilinə Əfsanə Nurəli Həmzəyeva çevirib.

Yazıçının mediaya açıqlamasına görə, «İlahi komediya»nı tələbə vaxtı oxusa da, onun müasir mədəniyyətə necə təsir etdiyini təzəcə -- Florensiyada araşdırmalar apararkən qiymətləndirə bilib.

«Yeni romanın bütün oxucularını «İlahi komediya»nın kodlar və simvollar səltənətinə səyahətə dəvət edirəm».

Dan Brown ən populyar və çox satılan ingilisdilli yazıçılardandır.

Onun 2003-cü ildə çıxan «The Da Vinci Code» kitabı onilliyin bestselleri olub.

2009-cu ildə bu romandan bütün dünyada 80 milyon nüsxə satılıb.

2006-cı ildə roman əsasında film də çəkilib.