RATİ ofisi möhürlənib

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu

-

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisi möhürlənib. Bu haqda AzadlıqRadiosuna institutun hüquqşünası Günay İsmayılova məlumat verib:

«Bir az öncə prokurorluğun müstəntiqi və sahə müvəkkili birlikdə ofisə gəldilər. Bizi ofisdən çıxarıb qapını möhürlədilər. İkinci ofisin də qapısını möhürlədilər. Dedilər ki, istintaq bitəndən sonra möhürü açacaqlar».

Avqustun 8-də polis və mülkigeyimlilər RATİ-nin eyni ünvanda olan hər iki ofisində axtarış aparıb. Ofisdəki kompüter və sənədlər götürülüb.

RATİ-nin rəhbəri Emin Hüseynov və onun qardaşı Mehman Hüseynovun harada olduğu bəlli deyil.

Sosial şəbəkələrdə onların həbs olunması ilə bağlı yayılan məlumatlar hələ ki rəsmi təsdiqini tapmır.