«Əsrin müqaviləsi»nin 20 illiyinə həsr olunan musiqi müsabiqəsi keçiriləcək

-

Dövlət Neft Şirkəti (ARDNŞ) və Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə «Əsrin müqaviləsi»nin 20 illik yubileyi münasibətilə vokal və instrumental musiqi əsərlərinin müsabiqəsi elan edilib.

Mədəniyyət və Turizm Nazirliyinin ARDNŞ-in mətbuat xidmətinə istinadla yaydığı xəbərə görə, «20 şanlı il» mövzusunda müsabiqədə iştirak üçün yaş məhdudiyyəti qoyulmur.

Qaliblər iki nominasiya - ən yaxşı vokal əsəri və ən yaxşı instrumental əsər üzrə mükafatlandırılacaq.

Hər iki nominasiya üçün təyin olunan mükafatın məbləği 5000 manatdır.

Müsabiqədə iştirak üçün müəllif haqqında məlumatları əks etdirən CV, musiqi əsərinin klaviri, iki ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surəti tələb olunur.

Müsabiqəyə əsərlər CD variantında qəbul edilir.

Sənədlərin qəbulu sentyabrın 10-dək davam edəcək.

Qaliblər sentyabrın 20-də elan olunacaq.