Yol polisi üçün 200-ə yaxın «BMW» gətirilib

Yeni avtomobilləri «BMW»nin Azərbaycandakı rəsmi distrübüteri «İmprotex Motors» Şirkəti gətirib

Dövlət Yol Polisi (DYP) üçün Almaniyadan 200-ə yaxın 3-cü model yeni «BMW» markalı avtomobil gətirilib. DYP-nin şöbə müdiri Ərəstun Məcidovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, bu maşınlar ölkə prezidentinin göstərişilə alınıb. Onların hansı rayonlara və nə vaxt paylanacağı hələlik məlum deyil.


DYP maşınların neçəyə başa gəldiyi barədə məlumat verməsə də, bəzi təsdiqlənməmiş məlumatlara görə, «BMW»lərin biri 36 min avroya alınıb.


Yeni avtomobilləri «BMW»nin Azərbaycandakı rəsmi distrübüteri «İmprotex Motors» Şirkəti gətirib. Avtomobillərin xüsusi avadanlıqlarla təchiz olunduğunu bildirən şirkət nümayəndəsi qiymətlərlə bağlı yayılan məlumatların şişirdildiyini deyir. DYP-dən verilən məlumata görə, hazırda idarənin parkında saxlanan maşınlar yaxın vaxtlarda Daxili İşlər nazirinin iştirakı ilə ayrı-ayrı şöbələrə paylanacaq.


Bir il əvvəl də yol polisinə təxminən eyni miqdarda Almaniya istehsalı olan «Volkswagen Passat» markalı avtomobillər gətirilmişdi.