Hicablı qadınlarla bağlı Dini İşlər üzrə Dövlət Komitəsinə müraciət edildi

Başıbağlı qadınların şəxsiyyət vəsiqəsi ala bilməmələri problemi 1997-ci ildən mövcüddur

Sentyabrın 4-də Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi (DEVAMM) hicablı qadınların şəxsiyyət vəsiqəsi almasına kömək göstərməsi üçün Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucova müraciət edib. DEVAMM-ın koordinatoru İlqar İbrahimoğlunun sözlərinə görə, doqquz ildir Azərbaycandakı hicablı qadınlar başları bağlı olduğuna görə şəxsiyyət vəsiqəsi ala, seçkiyə qatıla bilmirlər. Həmçinin işə düzəlmədə, nikahın qeydə alınmasında, müalicə məssisələrinə müraciət edilməsində də şəxsiyyət vəsiqələri olmadığına görə sözügedən problemlə üzləşirlər. Mərkəz ümid edir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni təyin olunmuş sədri bu hüquqların təmin olunmasında başıbağlı qadınlara yardımçı olacaq.


Başıbağlı qadınların şəxsiyyət vəsiqəsi ala bilməmələri problemi Azərbaycanda 1997-ci ildən mövcüddur. Daxili İşlər Nazirliyinin Pasport və Vətəndaşların Qeydiyyatı İdarəsi «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» qanunun tətbiq haqqında Əsasnamənin 6-cı maddəsinə əsaslanaraq başıbağlı qadınlardan şəxsiyyət vəsiqəsi üçün başıaçıq şəkil çəkdirmələrini tələb edir. Qanunda göstərilir ki, şəxsiyyət vəsiqəsi üçün vətəndaş başıaçıq şəkil təqdim etməlidir.