«Azərfon» texniki hazırlıq işlərini yekunlaşdırmaq üzrədir

«Azərfon»a lisenziya keçən ilin dekabrında verilib

Azərbaycanda yeni mobil operator «Azərfon» şirkəti fəaliyyətə başlamaq üçün texniki hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. Şirkətin bu ilin sonuna qədər xidmətə başlayacağı gözlənilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirov deyir ki, artıq şirkətə zona kodu da verilib.


Səhmlərinin 60 faizi Böyük Britaniyanın iki, 30 faizi Almaniyanın «Siemens» şirkətlərinə, 10 faizi «Aztelekom» İstehsalat Birliyinə məxsus olan «Azərfon»a lisenziya keçən ilin dekabrında verilib.


Şirkət indiyə kimi şəbəkələrini Mingəçevir, Əli-Bayramlı və Qubada qurub. «Azərfon» Bakı-Quba və Bakı-Gəncə magistralı boyunca əraziləri əhatə edəcək. Şirkət iki il ərzində xidməti bütün ölkə ərazisində göstərməlidir.