Əbdül Əbilovun Apellyasiya Məhkəməsi keçirilib

Bloqqer Əbdül Əbilov

Avqustun 4-də Bakı Apellyasiya Məhkəməsində bloqqer Əbdül Əbilovun şikayəti üzrə növbəti proses keçirilib.

Məhkəmə müdafiə tərəfinin ilkin baxış qərarından Ali Məhkəməyə verdiyi şikayətə görə təxirə salınıb.

Bundan əvvəl müdafiə tərəfi Apellyasiya Məhkəməsinin «yenidən istintaq aparılmasına ehtiyac olmadığı haqda» çıxardığı qərardan Ali Məhkəməyə şikayət etmişdi.

Növbəti proses Ali Məhkəmənin bu şikayətə baxacağı müddətə kimi təxirə salınıb.

Əbdül Əbilov ötən il həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu narkotik alverində təqsirli bilib.

Müdafiə tərəfi onun «Facebook»dakı fəaliyyətinə görə həbs olunduğunu deyir. O, «Facebook»da «Yaltaqlara dur deyək» səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.