Müxalifət partiyaları bələdiyyə seçkisi ərəfəsində: Kim seçkiyə hazırlaşır?

Foto: Arxiv

-

Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərinə az vaxt qalır. Seçkinin oktyabrın ortalarında elan ediləcəyini gözləmək olar. Ancaq ölkədə fəaliyyət göstərən müxalifət partiyalarının seçkilərə o qədər də fəal hazırlaşdığı hiss olunmur. Bununla belə, partiyalar seçki hazırlıqlarına başlayıblar.

Bu barədə «Yeni Müsavat» qəzeti 30 iyul sayında yazır:

«Müsavat Partiyasının bələdiyyə seçkiləri ilə bağlı yekun qərarı yoxdur. Başqan müavini Gülağa Aslanlı bildirir ki, məsələ Məclisdə müzakirə olub: «Böyük ehtimalla Müsavat Partiyası bələdiyyə seçkilərində rayon təşkilatlarının arzusunu nəzərə alaraq bu məsələdə onlara sərbəstlik verəcək. Müsavat Partiyası hələ Məclisdə qərar verib ki, seçki qanunvericiliyində dəyişiklik olmayacaqsa, böyük şəhər bələdiyyələri müəyyənləşməyəcəksə, bələdiyyələrin statusları artırılmayacaqsa, partiya kimi seçkiyə gedilməsin».

AXCP QƏRARSIZDIR, «KLASSİKLƏR» İSƏ SEÇKİYƏ GEDİR

Ali Məclisin son sessiyasında bu məsələ müzakirə olunub, qərar vermək rayon şöbələrinin öhdəsinə buraxılıb.

KXCP-nin sədr müavini Xəzər Teyyublu isə bildirir ki, onlar 2014-cü ilin martından bələdiyyə seçkilərində iştirak qərarı veriblər:

«Hazırda KXCP-nin mərkəzi seçki qərargahı təlimatını hazırlayıb və rayon şöbələrinə göndərib. Rayon şöbələrində hazırkı durum, hazırlıqla bağlı həm yerli, həm qəsəbə, kənd bələdiyyələrinin tərkibi müəyyənləşdirilib. Yaxın dövr üçün istəyirik ki, namizədlərimizi müəyyənləşdirək».

ÜMİD NAMİZƏDLƏRİN QOVLUĞUNU YIĞIR

Ümid Partiyası da hazırlıqlara başlayıb. Partiyanın təmsilçisi Taleh Əliyevin dediyinə görə, artıq namizəd seçimi üzərində düşünürlər:

«Avqustun əvvəlində yerlərdə bələdiyyə seçkisi ilə bağlı görüşlər keçirilməsi planlaşdırılır. Seçki kampaniyası başlanana qədər namizədlərimizin siyahısını hazırlayıb seçki prosesinə tam hazır vəziyyətdə getməyi düşünürük. Biz namizədliyini müəyyənləşdirdiyimiz şəxslərlə bağlı bir daha dəqiqləşdirmə aparırıq, onların sənədlərinin qovluğunu yığırıq, hazırlayırıq, dəqiqləşdiririk».

ADP SEÇKİYƏ ÜMİDLƏ BİRGƏ GEDƏ BİLƏR

ADP sədri Sərdar Cəlaloğlu da bildirir ki, onlar seçkilərə qatılmaq niyyətindədirlər:

«ADP bələdiyyə seçkilərinə qatılacaq. Öz üzvlərimizə bələdiyyə seçkilərində aktiv iştirakı tövsiyə etmişik. İyulun 29-da da Ümid Partiyasının sədri ilə bununla bağlı məsləhətləşməmiz oldu. Gələn ayın əvvəlində məsələni «Qarabağ» bloku çərçivəsində diqqətlə nəzərdən keçirəcəyik. Müzakirə edəcəyik ki, hansı dairələrdən kimlərin namizədliyini verə bilərik. Vaxt az qalır».